Mündəricat
Plastik cərrahiyyə barədə 9 maraqlı fakt
Plastik cərrahiyyə müasirliyin ən parlaq əlamətlərindən biridir. Texnologiyaların inkişafı və plastik cərrahların get-gedə ustalaşması möcüzələr yaradır. Bu gün istənilən adam estetik cərrahların yardımı ilə öz zahiri görkəmini öz istədiyi kimi dəyişə bilər. Əcdadlarımız bunları bilsəydilər, çox təəccüblənərdilər. Bu məqalədə plastik cərrahiyyə ilə bağlı 9 maraqlı fakt cəm edilmişdir.


1. Plastik əməliyyatlar hələ 2700 il öncədən həyata keçirilirdi. E.ə. 600-cü illərdə Hindistanda alın və yanaq dərisindən istifadə edərək, burun korreksiyası əməliyyatları icra edirdilər. Əməliyyat zamanı pasiyentin burnuna iki cilalanmış taxta borucuq qoyurdular ki, nəfəs ala bilsin.
2. İntibah dövründə əksər plastik manipulyasiyaları bərbərlər icra edirdilər.
3. “Plastik cərrahiyyə” söz birləşməsi ilk dəfə 1818-ci ildə Karl Ferdinand Fon Qrefe tərəfindən müəllifi olduğu “Rinoplastika” (Rhinoplastik) kitabında işlədilib.

4. Birinci dünya müharibəsi Avropada plastik cərrahiyyənin inkişafına böyük təsir göstərdi. Müharibənin eybəcərləşdirdiyi insanlar təkcə zədələnmiş orqanlarını bərpa etmək üçün deyil, həm də onların zahiri görünüşünü yaxşılaşdırmaq üçün həkimlərə müraciət edirdilər.
Plastik cərrahlar böyük sayda novator (yenilikçi) metodikaların hazırlanmasında, o cümlədən toxumaların, mikrodamarların köçürülməsində, çənə-üz cərrahlığı texnikasında ilk addımlarını atırdılar.
5. Nasist Almaniyasında ən bahalı plastik əməliyyat sünnət dərisinin bərpası əməliyyatı hesab edilirdi. Səbəb yəhudilərin Üçüncü Reyxdə təqib edilməsi idi və bu əməliyyat mahiyyətcə ölüm-qalım məsələsinə çevrilmişdi.
6. 2013-cü ildə təkcə ABŞ-da 1 milyon 561 min plastik əməliyyat icra edilmişdir.
7. Qadınlar arasında ən çox yayılmış plastik əməliyyat – sinə plastikası, kişilər arasında isə burun formasının düzəldilməsi (rinoplastika) əməliyyatıdır.
8. Dünyada ən çox plastik əməliyyat etdirən insanlar 30-35 yaş aralığındadır. Bu, ümumi sayın 44 %-i təşkil edir.
9. Plastik cərrahların xidmətinə ilk dəfə müraciət edənlərin üçdə ikisi yeni əməliyyatların həyata keçirilməsi üçün onlara yenidən müraciət edirlər.
Bağla
Bizi sosial mediada izləyin