Mündəricat
Komplekslərdən qurtulmaq üçün plastik əməliyyatlar
Bütün plastik əməliyyatların icra edilmə səbəblərini iki böyük kateqoriyaya bölmək olar. Birinci halda onlar tibbi göstərişlərə görə keçirilir. İkinci halda isə müdaxilə səbəbi yalnız pasiyentin öz xarici görünüşünü dəyişmək istəyidir.
Kompleks yaradan əsas problemlər hansılardır?
Hər şeydən öncə, pasiyentlərin xarici görünüşlə bağlı real problemlərinin meydana çıxdığı halları sadalamaq lazımdır. Onlar sağlamlıq vəziyyətini bilavasitə pisləşdirə, ya da insanın görkəmini ətrafdakılar üçün qeyri-estetik edə bilir. Bütün bunlar pasiyentin sosiallaşmasına mane olur ki, bu da ciddi psixika pozuntularına yol aça bilər.
Anadangəlmə anatomik qüsurlar
Üst dodağın, üst damağın anadangəlmə bölünməsini anadangəlmə anatomik qüsurlara misal göstərmək olar. Bu cür patologiyalar dovşandodaqlıq və qurdağızlıq adlanır. Onlar nəinki ciddi şəkildə xarici görünüşü pozur, həmçinin qida qəbulunu xeyli çətinləşdirir və tez-tez tənəffüs yollarının infeksion patologiyalarına səbəb olur.
Məhz buna görə belə qüsurlar plastik cərrahiyyə yardımı ilə mütləq korreksiya edilməlidir. Bundan başqa da, onu erkən yaşda, körpə ikən etmək lazımdır.
Digər misal – anadangəlmə şəlpəqulaqlıqdır. Tibbi nöqteyi-nəzərdən, bunda insan üçün təhlükə yoxdur. Lakin uşaq yaşlarında, ələlxüsus, məktəbdə uşaq yaşıdlarının daimi istehzasına məruz qala bilər. Bu, böyük ehtimalla psixoloji problemlərə gətirib çıxarır. Bu problem otoplastika üzrə yetərincə asan plastik əməliyyatla həll olunur.
Travmalar və xəstəlik fəsadları
Burada plastik cərrahiyyə pasiyentin xarici görünüşünü, hətta travma nəticəsində onun itirilmiş və ya zədələnmiş hər hansı bir orqanını rekonstruksiya etməyə yardımçı olur. Məsələn, bu, süni qulağın yaradılması, yaxud çapıqların ləğvi ola bilər. Xarici görünüş zədələnmələri planlı əməliyyat müdaxilələri sonrası da mümkündür.
Süd vəzi xərçənginin cərrahi müalicəsi zamanı çox vaxt mastoktemiya – süd vəzinin götürülməsi icra edilir. Bundan sonra onu, misal üçün, implant qoyulması yolu ilə bərpa etmək olar.

Yaş dəyişiklikləri
Əfsuslar olsun ki, insan gəncləşmir. Dəridə elastin və kollagen azalır, onun maye saxlamaq qabiliyyəti pisləşməyə başlayır və bütün bunların xarici görünüşdə əksini tapması qaçılmaz olur.Estetik-plastik cərrahiyyə ən çox görünən dəyişiklikləri – yumşaq toxumaların sallanması, boyunda, alında, göz və ağız ətrafında qırışların əmələ gəlməsi, ikiqat buxaq və bir çox başqa şeyləri aradan qaldıra bilir. Bu cür korreksiya vizual olaraq insanı 10-15 yaş cavanlaşdırır.
Doğuşdan sonra fiquranın dəyişməsi
Uşaq doğulması – qadın orqanizmi üçün ciddi bir sınaqdır və o, çox vaxt bunun əvəzini dəri vəziyyətinin pisləşməsi, dəri qatlarının əmələ gəlməsi, genəlmələrin yaranması ilə ödəyir. Laktasiya və südvermə dövrü süd vəzi deformasiyasına gətirib çıxara bilər. Plastik cərrahiyyə bütün bu problemləri abdominoplastika, sinə gərmə əməliyyatı və s. yollarla həll edir.Pasiyent öz yeni görkəmi ilə nə əldə edir?
Yeni görkəm ilk növbədə özgüvən hissini artırır. Pasiyent daha rahat, cazibədar və ünsiyyətdə daha sərbəst olur. Bu isə onun həyatında aşağıdakı müsbət dəyişikliklərə yol açır:
• Yeni dostların qazanılması;
• Şəxsi münasibətlərin yaranması və möhkəmlənməsi;
• Karyera pilləsində uğurlu irəliləyiş (insan iş problemlərini daha əminliklə həll etməyə başlayır) ;
• Yeni işlə məşğul olmaq imkanı və xarici görünüşün başlıca rol oynadığı sahələrdə yeni səriştənin qazanılması (məsələn, model biznesində və ya gözəllik industriyasında) .
Əgər plastik cərrahiyyə özündə həm də tibbi aspekt daşıyırsa, o, pasiyentin sağlamlıq və səhhətini də yaxşılaşdıracaqdır. Misal üçün, rinoplastika burun tənəffüsünü yüngülləşdirə və gecə xorultusunu aradan götürə bilər. Artıq həcmli piy toxumalarının ləğvi pasiyenti artıq çəkidən və ona bağlı olan bütün risklərdən azad edər və s.
Görünüş dəyişikliyi amilinin özü çox vaxt insanın həyat tərzinin dəyişilməsinə də stimul verir. Beləcə, liposaksiya sonrası pasiyentlər alınmış nəticəni daha uzun müddətə qoruyub saxlamağa can atırlar.
Bunun üçün onlar qida rasionunu dəyişir, öz çəkilərinə nəzarət edir, üz və bədən qulluğuna yüksək diqqət ayırır, fitneslə məşğul olnağa başlayırlar. Şübhəsiz ki, bütün bunlar həm xarici görünüşə, həm də sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.