Bella Eyes effekti almaq üçün 5 yalançı üsul

Tülkü göz (Bella Eyes)

Bella eyes nədir?
 
Bella eyes son illərin trendinə çevrilmiş estetik-plastik əməliyyatdır. Bu əməliyyatı ilk dəfə əslən fələstinli Amerika modeli Bella Hadid etdirdiyi üçün adı da buradan götürülüb.
Bella eyes 1-2 saat davam edən və endoskopik üsulların tətbiq olunduğu cərrahi üsuldur. Bu prosedur endoskopik qaş qaldırma və alın gərmə, həm də blefaropastika və kantoplastika ilə paralel aparıla bilər. İlk növbədə, baş dərisində, saç içində 0,5 sm-lik çox kiçik bir kəsik açılır. Açılan kəsik vasitəsilə göz və qaş formasına müdaxilə edilərək daha maili görünüş əldə edilir. Üstün cəhət odur ki, kəsik izi saçın içində olduğu üçün nəzərə çarpmır.
 

Əməliyyatsız Bella Eyes
 
Bəzi şəxslər ya əməliyyatdan çəkindiklərinə görə, ya da artıq xərcə düşməmək üçün Bella Eyes-a bənzər yalançı effekt yaradan üsullardan, daha doğrusu kosmetik hiylələrdən istifadə edirlər. Onlardan bəzilərinə nəzər salaq.
 

1. Makiyajla qaş qaldırma

 
Dekorativ kosmetikanın yardımı ilə hər iki qaşı azca yuxarı qaldırmaq yalançı da olsa, Bella Eyes effekti verə bilər. Bunun üçün qaşın bayır küncləri pozulub yenidən çəkilməlidir. Üzə yaraşan effekti almaq üçün peşəkar kosmetoloqa müraciət etmək olar.
 

2. Kirpik künclərini qabartma

 
Gözə Bella Eyes effekti qazandırmaq üçün kiprikləri bir qədər yana istiqamətləndirərək bayır künclərini qabartmaq olar. Bu zaman içəri hissəni də lap azca rəngləmək lazımdır ki, düzəliş çox da nəzərə çarpmasın. Bu hiylə sayəsində baxışlara tülkü gözləri məftunediciliyi bəxş etmək mümkündür.


 

3. Göz künclərinə quş (ox) çəkmək

 
Hər iki gözün bayır küncünə quş (ox) çəkmək də maraqlı üsuldur. Həmin nahiyələrə uzun və incə oxların çəkilməsi süni tülkü gözü effekti əldə etməyin süni yollarından biridir.
 

4. Gicgah hörgüsü

 
Bella Eyes effekti yaratmağın bir başqa üsulu da saçın gicgaha yaxın hissəsini sıx şəkildə hörməkdir. Hörülmə nəticəsində gicgahla qaşlar arasındakı dəri dartılacaq. Bu üsul Bella Eyes baxışı qazandırmaqla yanaşı həm də üzün həmin hissəsindəki xırda qırışları hamarlamağa yardımçı ola bilər.
 

5. Saç aksesuarları

 
Hörmədə olan işi müəyyən saç aksesuarlarının köməyi ilə də etmək olar. Saç sancağı (zakolka) vasitəsilə saçları gicgah nahiyədən dartıb yığaraq Bella Eyes effektinə nail olmaq mümkündür.

Nəticə
 
Adı çəkilən hiylələrdən heç biri əsl Bella Eyes effektini verə bilməz. Həm də bu cür üsulların ömrü az olur. Peşəkar plastik cərrah tərəfindən icra edilmiş Bella Eyes əməliyyatına isə, demək olar ki, ömürlük zəmanət verilir. Təbii ki, bu müddət pasiyentin orqanizminin individuallığına görə dəyişə bilər.


Onlayn randevu al

AZE_FLAG +994